Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV QARAQULLAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB VƏ QARAQULLAR KƏND İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİNİN HESABAT YIĞINCAĞI OLUB

07 yanvar 2019 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yanvarın 7-də rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar kəndində hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə kənd sakinlərinin növbəti səyyar qəbulunu keçirib.
Kənd sakinlərini salamlayan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb, o cümlədən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. 
Rayon rəhbəri xüsusilə vurğulayıb ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin aprelin 2-də imzaladığı Sərəncamla 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin başa çatdırılması nəticəsində Qaraqullar kəndinin də bu sahədə olan problemi  tam öz həllini taparaq ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına və təsərrüfatlarını genişləndirməsinə şərait yaranmış, insanların gediş-gəlişi asanlaşmışdır.
Əhəd Abıyev Qaraqullar kənd inzibati ərazi vahidliyində xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd etməklə bildirib ki, Qaraqullar kəndinin qazlaşdırılması və elektrik təchizatının yenidən qurulması, mühüm sosial və mədəni obyektlərin yenidən qurulması sakinlərin böyük razılığına səbəb olmuşdur.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.
Sakinlər müraciətlərini səsləndiriblər. Onlar respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq-quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kənd sakinlərindən çıxış edənlər müraciətlərində işlə təmin olunmağa, kənd sənətkarlıq klubunun dam örtüyünün dəyişdirilməsinə, məktəbin əsaslı təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib. Əksər müraciətlər yerində öz müsbət həllini tapıb.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən bu kimi tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
***
Təsdiq edilmiş qrafikə uyğun olaraq Qaraqullar kənd sakinlərinin səyyar qəbulundan sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Qaraqullar kənd tam orta məktəbində keçirilmiş hesabat yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Ağsaqqallar Şurasının və Qaraqullar Bələdiyyəsinin üzvləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısının Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramovun geniş hesabat məruzəsi dinlənilib.  Elbrus Bayramov Qaraqullar kənd inzibati ərazi dairəsi barədə iclas iştirakçılarına geniş məlumat verib, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatı sahəsində görülmüş tədbirlər, aparılmış təmir, abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışıb. 
O məruzəsində qeyd edib ki, hesabat dövründə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 3 səyyar qəbulu keçirilmiş, qəbulda iştirak edən  vətəndaşların  müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülmüş və problemlərlə bağlı  aidiyyatı  dövlət orqanlarına rəsmi müraciət olunmuşdur. Nümayəndəliyə rayon İcra Hakimiyyətindən,  dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olmuş ərizə, məktub və şikayətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq baxılmış, tədbirlər görülmüş, nəticəsi barədə vətəndaşlara qanunamüvafiq izahat verilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 10-dan 11 may 2018-ci il tarixə kimi sakinlər tibbi müayinədən keçirilmişdir. Yataq xəstələrinin müayinəsi məqsədi ilə səyyar həkim briqadası təşkil olunmuş, xəstələrə ambulator və stasionar müalicə təyin edilmiş və əhalinin dispanserizasiyası uğurla başa çatdırılmışdır. Qaraqullar kənd avtomobil yolu cari təmir edilmiş, Alaxançallı kəndinin böyük turizm potensiala malik olması nəzərə alınaraq həmin kənddə 10 fərdi yaşayış evinin təmirinə başlanmış, 24 iyun 2018-ci il tarixdə rayon ərazisində baş vermiş təbii fəlakətin Qaraqullar kəndinə vurduğu ziyanlar aradan qaldırılmış, 128 nömrə tutumlu EATS quraşdırılmış, Dövlət Məşğulluq Xidməti tərəfindən ərazidə yaşayan imkansız ailələrə təsərrüfatlarını inkişaf etdirmək məqsədilə mal-qara verilmiş və bir sıra sosial yönümlü tədbirlər həyata keçirilmişdir.
Sonra məruzə ətrafında çıxış edənlər nümayəndəliyin hesabatını qənaətbəxş hesab edib, ərazidə görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev də hesabat yığıncağında çıxış edərək 2018-ci ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlardan, yeniliklərdən və nailiyyətlərdən danışaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik və sosial-iqtisadi islahatlar kursu hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətlə inkişaf edir.  Ölkə iqtisadiyyatının dinamik sürətlə inkişaf etməsi, regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzindədir.
Yığıncaqda rayon rəhbəri Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlərdən və nəzərdə tutulan layihələrdən də söz açıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əhəd Abıyev Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında YAP sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələrini təqdim edib,  üzvlüyə qəbul olunmaq istəyən sakinlərin də ərizələri qəbul olunub.
Sonda Əhəd Abıyev Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində mövcud olan çatışmazlıqların aradan qaldırılması və problemlərin həll edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti şəxslərə müvafiq təlimat və tapşırıqlarını verib.

Keçidlər